Regionun nüfuzlu bank-maliyyə tədbiri “FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO)” Bakıda keçirilib.

16-17 iyun 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı Sammit öz işini yekunlaşdırıb.

Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Ümumilikdə Sammitə iki gün ərzində 1500 yaxın iştirakçı qatılmışdır.

Sammit yeddi Paneldən ibarət olmaqla, “Bankçılıq və fintex ekosistemi: partnyorluq və əməkdaşlıq imkanları”, “Açıq və əlaqəli bankçılıq: maliyyə sahəsindəki innovasiyaların gələcəyi”, “Ödənişlərin gələcəyi”, “Təhlil/xərclərin optimizasiyası istiqamətində rəqəmsallaşma”, “Azərbaycan maliyyə sektorunun təhlükəsizliyi və fırıldaqçılığın qarşısının alınması üçün nələr edilməlidir”, “Dayanıqlılıq və bankçılıq sektoru: ESG bankçılıq”, “Azərbaycanda rəqəmsal ödənişlərin inkişafının əsas mənbələri və potensialı” mözvularını əhatə edib.

Sammitdə iki gün ərzində 50-yə yaxın spiker əlaqədar mövzularda çıxış etmişdir.

İştirakçılar və spikerlər arasında “Visa Inc.”, “Beynəlxalq Maliyyə Korporasiyası”, “McKinsey & Company”, “Simon - Kucher & Partners”, “Genesys”, “DIS Group”, “Kocsistem”, “KocDigital”, “Azericard”, “Gürcüstan Banklar Assosiasiyası”, “OneSpan”, “Tietoevry”, “Uptime Institute”, “Whelp and SmilePay”, “PGPARA”, “UPT Money Transfer”, “Markswebb”, “CompassPlus”, “Trendmicro”, “UNEP FI”, “Climate Risk Services”, “United Payment”, “FARI Solutions”, “PwC Technology”, “Unicapital”, “ABB Bank” və digərləri yer alıblar.

Bundan əlavə Sammit çərçivəsində “Qlik Sense” ilə “Data analitika platforması”, “YouControl” şirkəti ilə “Yoxlamaların avtomatlaşdırılması yolu ilə sanksiya risklərinin idarə edilməsi: Ukrayna təcrübəsi”, Genesys şirkəti ilə “Çağrı mərkəzləri üçün Genesys həlləri – müştəri xidmətində mükəmməllik”, “Bankalararası Kart Merkezi” ilə fırıldaqçılıq mövzularında yan tədbirlər keçirilmiş və bu tədbirlərdə 200-ə yaxın bank əməkdaşı iştirak etmişdir.

Qeyd edək ki, iki günlük Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir (digəri isə illik əsasda keçirilən Beynəlxalq Bankçılıq Forumudur, əlavə məlumat üçün https://www.gbmevents.az/en/events).


Bizi sosial şəbəkələrdə izləyin:

Digər Xəbərlər