Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən "FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ)” başa çatmışdır

13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” adlı Sammit öz işini yekunlaşdırıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan və iki gün davam edən Sammitdə aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.

Həmçinin Sammitdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatlar və nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Sammit çərçivəsində, 13 iyun 2023-cü il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və qonaq qismində Macarıstan, Şimali Kipr Banklar Assosiasiyasının rəhbərləri və nümayəndələrinin iştirakı ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası keçirilmişdir.

Bundan əlavə, Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Türkiyə İştirakçı Banklar Birliyi və Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanmışdır.

Ümumilikdə iki gün ərzində Sammitdə səkkiz Paneldə, müxtəlif əlaqədar mövzularda müzakirələr aparılmış, 50-yə yaxın spiker təcrübələrini bölüşərək təqdimatlarını keçirmişlər.

Sammitin təşkilatçısı olan ABA-nın prezidenti Zakir Nuriyev tədbir barədə öz fikirlərini bölüşərək bunu bildirmişdir: “Hər il tərəfimizdən təşkil edilən, həm Fintex Sammit, həm də Beynəlxalq Bankçılıq Forumu regionun ən nüfuzlu maliyyə-bank tədbirlərinə çevrilmişdir. Bu iki gün ərzində davam edəcək Fintex Sammit rəqəmsal texnologiyaların səmərəli, təhlükəsiz və davamlı tətbiqi sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, son trendlərin müzakirəsi, əldə olunan nəailiyyətlərin açıqlanması və prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından əlverişli bir platforma olacağına inanıram.”

Sammitin ənənəvi Qlobal Sponsoru olan Visa şirkətinin Azərbaycan, Mərkəzi Asiya, MDB və Cənubi-Şərqi Avropa üzrə regional meneceri, Vitse-prezidenti Kristina Doroş ABA-nın keçirdiyi bu tədbir haqqında fikirlərini bölüşüb:

“Visa fəaliyyət göstərdiyi hər bir ölkədə sənayemizdə yeni texnologiyalar, çağırışlar, imkanlar və nağdsız iqtisadiyyatın inkişafı məsələlərini müzakirə etmək üçün ödəniş ekosisteminin bütün iştirakçılarını bir araya gətirməyə çalışır. Əminəm ki, Azərbaycanda bir neçə ildir ki dəstəklədiyimiz FİNTEX SAMMİT bütün fintex oyunçuları üçün fikir mübadiləsi və ən yaxşı təcrübələrini bölüşmək üçün ideal platformadır. Visa bu tədbirin uzun müddətdir partnyoru olmaqdan və rəqəmsal ödənişlərin qlobal lideri kimi geniş təcrübələrini bölüşərək Azərbaycanı nağdsız ödənişə aparan yolda dəstəkləməkdən qürur duyur”.

O cümlədən, VİSA-nın Azərbaycan üzrə Regional meneceri, Baş direktoru Nurlan Hacıyev Sammitlə bağlı aşağıdakı fikirləri bildirib:

“Visa olaraq, biz FİNTEX SAMMİT kimi tədbirləri dəstəkləməyə şadıq, çünki Azərbaycanda fintex sənayesinin innovativ potensialına inanırıq. Biz Azərbaycanın biznes mühiti və istehlakçıları arasında yeni ödəniş həllərinə artan tələbatı müşahidə edirik və müştərilərimizə qabaqcıl texnologiyalar təklif etməklə bu tələbi qarşılayırıq. Azərbaycan son illərdə rəqəmsal məkanda böyük irəliləyiş əldə edib və biz Visa olaraq bu nailiyyətə töhfə verməkdən məmnunuq”.


Qeyd edək ki, iki günlük Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir (digəri isə illik əsasda keçirilən Beynəlxalq Bankçılıq Forumudur.

Digər Xəbərlər